Antalya Qran-Pri yarışında ölkəmizi 6 paracüdoçu təmsil edəcək
Bu gün Antalyada Qran-Pri yarışı öncəsi beynəlxalq həkimlər tərəfindən paracüdo idmançılarının göz tibbi təsnifatı keçirilib.

Kişi cüdoçularımızdan İsmayıl Muradov (60 kq), Namiq Abaslı (73 kq), Anar İsmayılzadə (73 kq) və Saleh Sultanov (90 kq), qadın idmançılarımızdan isə Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) tibbi təsnifatdan uğurla keçərək aprelin 23-25-də baş tutacaq Qran-Pri yarışında öz güclərini sınayacaqlar.

İdmançılarımız Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın tibbi təsnifatı tam bitmədiyi üçün növbəti yarışlarda onlar üçün yenidən tibbi təsnifat keçiriləcək.

Digər idmançılarımız Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər tərəfindən əlavə sənədlər istənilib.

Beləliklə, Antalya Qran-Pri yarışında Namiq Abaslı, İsmayıl Muradov, Anar İsmayılzadə, Saleh Sultanov, Aysel İmamverdiyeva və Xatirə İsmiyeva iştirak edəcəklər. Digər idmançılar isə növbəti yarışlarda yenidən müayinədən keçəcəklər.

Aprelin 23-də İsmayıl Muradov, Namiq Abaslı və Anar İsmayılzadə, ertəsi gün isə Saleh Sultanov, Aysel İmamverdiyeva və Xatirə İsmiyeva tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarınadək bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi göstərişlərinə görə iştirak edəcək idmançıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.

Xəbər 250 dəfə oxundu.