Abdulla Qədimbəyli: Teymur, Şəhriyar və Rauf kimi şahmatçılarla eyni komandada oynamaq böyük uğurdur
Avropa çempionatında yaxşı nəticə gözləmirdim. Yarışdan əvvəl əsas məqsəd reytinqimi artırmaq və qrosmeyster normasını yerinə yetirmək idi. Amma çempionata yaxşı start verdim və getdikcə özümə daha çox inanmağa başladım. Reytinqimi isə düşündüyümdən daha çox artırmağa nail oldum. Ən əsası, əksər şahmatçıların arzuladığı dünya kubokuna vəsiqə əldə etdim. Bu, mənim üçün çox vacib idi.

Bunu Sloveniyada keçirilmiş şəxsi Avropa çempionatında uğurla çıxış edərək ilk onluqda yer alan şahmatçımız Abdulla Qədimbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Qitə çempionatında əvvəlki turlarda liderlər sırasında qərarlaşmasına baxmayaraq, yekunda 7,5 xalla 9-11-ci yerləri bölüşdürən təmsilçimiz turnirin reytinq favoritlərindən olan Anton Korobov üzərində qələbəsini şərh edib: “Turnirin reytinq üzrə ikinci şahmatçısı, qara fiqurlarla oynayan Anton Korobovla mübarizə aparmaq çətin idi. Ukraynalı şahmatçı oyunu qələbə ilə bitirmək istəsə də, lazımi gedişləri edərək partiyanı qalib başa vurmağı bacardım. Bu oyunu keçirdiyim görüşlərdən ən çətini adlandırmaq olar”.

Şahmatçı baxımlı oyunlar arasında isə turnirin reytinq favoriti çexiyalı David Navara ilə qarşılaşmanı qeyd edib: “Avropa çempionatında rahat oyunlar olmadı. Amma David Navara ilə oyunu fərqləndirmək olar. Turnirin reytinq favoritinə qarşı mübarizədə məqsəd təkcə qələbə deyildi, həm də baxımlı oyun göstərmək istəyirdim. Nəticədə gözəl oyun alındı, həm də qələbə qazandım. Düşündüyüm taktikanı həyata keçirdim. Müəyyən mənada rahat alındı. Oyundan və nəticədən razı qaldım”.

A.Qədimbəyli yarışın əvvəlindən ilk üçlükdə qərarlaşmasına və sonuncu tur ərəfəsində liderlər qrupunda olmasına baxmayaraq, mükafatçılar sırasında yer almaması ilə bağlı fikirlərini də bölüşüb: “Düşünürəm ki, bir qədər təcrübəsizlik öz sözünü dedi. Rəqiblərim 2600 reytinqli şahmatçılar idi, mənim isə əmsalım 2400-ə yaxındır. Müəyyən mənada yorğunluq özünü göstərdi. Son turlarda artıq gedişləri hesablamaqda çətinlik çəkirdim. Bəzi həmkarlarım erkən heç-heçələr etməklə güclərini sonuncu tura saxlayırdılar. Mən isə bütün oyunlarda maksimum güc nümayiş etdirməyə çalışdım. Mükafatçılar sırasında yer almamağımın səbəblərindən biri də bəlkə təcrübəsizliyim oldu. Amma reytinqimə görə yüksək nəticə göstərdim”.

Şahmatçı yarışlar zamanı fiziki hazırlığın da əhəmiyyətinə toxunub. Turnir ərəfəsində özünün daha çox kompüter qarşısında işlədiyini vurğulayan A.Qədimbəyli sağlam həyat tərzi sürməyin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, gün ərzində heç olmasa bir neçə saat idmanla məşğul olmaq və təmiz hava qəbul etmək vacibdir.

Əsas hədəfini də açıqlayan şahmatçı deyib: “Dünya kubokunda yaxşı nəticə qazanmaq üçün hazırlığa başlamalıyam. Mütəmadi olaraq, günün müəyyən hissəsini şahmata ayıracağam. Əsas hədəflərdən biri də milli komandada yer almaqdır. Gələcəkdə daha yaxşı nəticələrə imza atmaq və yığma komandanın üzvü olmaq istəyirəm. Kişi şahmatçılardan ibarət millimiz çox güclüdür. Teymur, Şəhriyar və Rauf kimi şahmatçılarla eyni komandada oynamaq böyük uğur olar”.

Xəbər 226 dəfə oxundu.