Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının birinci mərhələsinin ilk qalibləri müəyyənləşib
Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının birinci mərhələsinin ilk qalibləri müəyyənləşib.

Qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Zeynəb Sultanova, kişilərin mübarizəsində Ruslan Lunyov birinci yerə layiq görülüblər. Həmin məsafə üzrə pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə Nuranə Əliyeva qadınlar, Üzeyir Tapdıqlı kişilər arasında fərqləniblər. On metr məsafəyə pnevmatik tapançadan “mix-team” kateqoriya üzrə atəşaçma yarışında Nigar Nəsirova- Ruslan Lunyov cütlüyü qızıl medal qazanıb.

Səngər stendi üzrə kişilər arasında Sabir Mehdizadə, qadınlarda Aydan Camalova, dairəvi stend üzrə isə Nurlanə Cəfərova, Fuad Qurbanov ilk pillələrdə yer alıblar.

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində keçirilən və aprelin 12-dək davam edəcək yarışda, ümumilikdə 89 idmançı güllə atıcılığı, səngər və dairəvi stend atıcılığı üzrə güclərini sınayır.

Xəbər 458 dəfə oxundu.