Cüdo üzrə Bakı birinciliyində daha 6 çəki dərəcəsində qaliblər müəyyənləşib
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı (2008-2010-cu il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçular arasında Bakı birinciliyinin ikinci gününə yükün vurulub.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutan turnirin ikinci günündə 193 oğlan və 25 qız cüdoçu arasında 6 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Belə ki, qızlar arasında Yağmur Abdullayeva (32 kq), Leyla Ələkbərova (44 kq), Zəhra Hüseynzadə (57 kq) birinci yerə layiq görülüblər. Oğlanların yarışında isə Anar Quliyev (38 kq), Elnur Sultanov (50 kq), Amin Mehdiyev (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

Aprelin 10-da başa çatacaq turnirə ümumilikdə, 800-ə yaxın cüdoçu qatılıb.

Yarışın təşkilində əsas məqsəd perspektivli idmançıları müəyyən edərək onları U-15 yeniyetmələrdən ibarət milli komandaya cəlb etmək, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzini formalaşdırmaq, cüdonun kütləviliyinə nail olmaqdır.

Xəbər 286 dəfə oxundu.