Xüsusi olimpiyaçı oğlanlar və qızlar arasında atletika yarışları keçirilib
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində oğlanlar və qızlar arasında atletika yarışları keçirilib.

Yarışlar Xüsusi Olimpiya proqramına uyğun olaraq qaçış və yerindən uzunluğa tullanma üzrə müxtəlif divizionlarda keçirilib. Maraqlı idman mübarizəsinin yekununda 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan Diana Kozırevanın komandası ümumi hesabda birinci yeri tutub. İkinci yerdə Xəzər rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbinin (3 qızıl, 2 gümüş, 2 bürünc medal), üçüncü pillədə isə Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat tipli məktəbin (3 qızıl, 2 gümüş, 1 bürünc medal) komandaları qərarlaşıblar.

Gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin prezidenti, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev və digər şəxslər yarışları izləyiblər.

Xəbər 310 dəfə oxundu.