AFFA KİV nümayəndələrinin Şamaxı şəhər stadionu ilə tanışlığı məqsədilə mediatur təşkil edib
AFFA KİV nümayəndələrinin Şamaxı şəhər stadionu ilə tanışlığı məqsədilə mediatur təşkil edib.

Arena milli assosiasiyanın son dövrlərdə həyata keçirdiyi ən böyük infrastruktur layihəsi olduğu üçün tədbir qurumun 30 illik yubileyinə həsr olunub.

AFFA-nın baş katibinin müavini Kamran Vəliyev qeyd edib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malikdir. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Mediatur zamanı jurnalistlər stadionun ərazisində yaradılmış infrastrukturla tanış olub, həmçinin “Şamaxı” futbol məktəbində uşaqların məşqini izləyiblər.

Xəbər 228 dəfə oxundu.