Azərbaycan Cüdo Federasiyası Beynəlxalq İdman Günü ilə əlaqədar təşkil edilən kampaniyaya qoşulub
Azərbaycan Cüdo Federasiyası inkişaf və sülh üçün Beynəlxalq İdman Günü ilə əlaqədar kampaniyaya qoşulub.

Bununla da Azərbaycan cüdo ailəsinin üzvləri də “#WhiteCard” simvolunu qəbul etməklə sülhə, birliyə və sosial inteqrasiyaya sadiq olduqlarını nümayiş etdiriblər.

Kampaniyanın əsas məqsədi idman vasitəsi ilə dünyaya sülh mesajını çatdırmaq və idmanın müsbət sosial dəyişiklərə, eyni zamanda hər kəsi əhatə edən sülhpərvər cəmiyyətlərin qurulmasına kömək edə biləcəyini nümayiş etdirməkdir. Cəmiyyətdə kütləviləşən cüdonun müsbət və maarifləndirici dəyərlərə malik olması onun sülhü təşviq etmək və dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək gücünü göstərir.

Bu günün önəmini geniş ictimaiyyətə çatdırmaq üçün Beynəlxalq Cüdo Federasiyası (IJF) “İdman suallara cavabdır, #WhiteCard qaldır” şüarı altında kampaniya elan edərək, “#WhiteCard” simvolu vasitəsi ilə öz səsini eşitdirməyə və bütün dünyada cüdo ailəsinin üzvlərini səfərbər olmağa çağırıb.

Qeyd edək ki, 2013-ci ildə aprelin 6-sı BMT-nin Baş Assambleyası tərəfindən inkişaf və sülh üçün Beynəlxalq İdman Günü (IDSDP) elan edilib. Eyni zamanda 1896-cı ildə keçirilən ilk Olimpiya Oyunları da məhz bu günə təsadüf edib.

Xəbər 282 dəfə oxundu.