Voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrə oyunlarına start verilib
Aprelin 5-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrə oyunlarına start verilib.

Günün ilk görüşündə “Murov” “Azərreyl”lə üz-üzə gəlib. Matç “dəmiryolçular”ın üstünlüyü ilə başlayıb. İlk setdə 25:22 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb - 25:10, 25:19. Nəticədə “Azərreyl” 3:0 hesablı qələbə əldə edib.

Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan X turun növbəti matçı UNEC “Abşeron” komandaları arasında olub. Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Çempionat ərzində bütün görüşlərdən qalib ayrılan Eldar Yusubovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Abşeron” ilk hissəni 25:22, sonrakı setləri isə 25:14 və 25:19 hesabı ilə qələbə qazanıb.

IV dövrənin ilk turundan sonra “Abşeron” 30 xalla turnir cədvəlində liderliyi davam etdirir. 17 xala malik “Azərreyl” ikinci, 8 xalla “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında 5 xal var.

Xəbər 506 dəfə oxundu.