Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə turnirinə start verilib
Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə turnirinə start verilib.

20 zəka sahibinin birincilik uğurunda mübarizə apardığı çempionatda artıq ikinci turun oyunları başa çatıb. İki turdan sonra üç şahmatçı - Ləman Hacıyeva, Səbinə Rzalı və Xatun Bağırova 2 xalla ilk üçlükdə qərarlaşıblar. Lalə Hüseynova, Mələk İsmayıl və Nərmin Nəsibova isə liderlərdən yarım xal geri qalaraq 4-6-cı yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə keçirilən yarış yeddi turdan ibarətdir. Turnirin son turu aprelin 9-da baş tutacaq.

Seçmə turnirin reqlamentinə əsasən, birinci yeri tutan şahmatçı qadınlar arasında Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 472 dəfə oxundu.