Xəzər rayonunda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları arasında minifutbol turniri keçirilib.

Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Həzəlxan Əbilov çıxış edərək Aprel döyüşlərinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu bildiriblər. Qeyd edilib ki, Aprel qələbəsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atan Azərbaycanın güclü, qüdrətli orduya malik olduğunu dünyaya nümayiş etdirdi. Çıxış edənlər bildiriblər ki, turnirin keçirilməsində əsas məqsəd Aprel şəhidlərinin xatirəsini yad etmək, həmçinin idmanın kütləviliyini təmin etməkdir.

Sonra yarışa start verilib. Maraqlı rəqabət şəraitində keçən yarışın yekun nəticələrinə görə, birinci yeri 120 nömrəli orta məktəbin komandası tutub. İkinci yerdə 121, üçüncü pillədə isə 136 nömrəli orta məktəblərin komandaları qərarlaşıb.

Qalib komandalar Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.

Xəbər 273 dəfə oxundu.