Azərbaycan Boks Federasiyasının prezidenti veteran idmançılarla görüşüb
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev veteran boksçularla görüşüb.

Görüşdə Olimpiya mükafatçıları, Avropa və dünya çempionatlarında ölkəmizin adını şərəflə qorumuş sabiq milli üzvləri iştirak ediblər. Tədbirdə boksda yüksək nailiyyətlərin əldə olunması, kütləviliyin artırılması üçün vacib olan addımlar, boksun ölkəmizdə daha da populyarlaşması və yığma komandaların beynəlxalq arenada uğurlu çıxış yolları müzakirə olunub. Həmçinin, Çempionlar və Veteranlar Komitəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

S.Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkəmiz böyük irəliləyişlərə nail olub. Olimpiya Oyunlarında medal sayına görə boksun ikinci yerdə olduğunu xatırladan federasiya rəsmisi qeyd edib ki, əsas hədəf yeni rekordlardır. İyirmi iki yaşadək boksçularımızın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirən S.Babayev 4 medalın əldə olunmasını başlanğıc kimi dəyərləndirib. O, əsas hədəfin Paris Yay Olimpiya Oyunları olduğunu vurğulayaraq yeni rekordun Fransa paytaxtında vurulacağına inam ifadə edib.

İnkişaf üçün beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışan S.Babayev federasiyanın yeni strukturunda xüsusi komitələrin olacağını deyib. O bildirib ki, Azərbaycanda boks məktəblərinin formalaşması, təkcə Bakıda deyil, bölgələrdə də kütləviləşməsi üçün veteran boksçuların köməyinə ehtiyac duyulacaq. Bu səbəbdən də federasiyada veteranlardan ibarət Məşvərət Şurası formalaşdırılacaq. O, görüşdə iştirak edən sabiq boksçulara bununla bağlı tapşırıqlarını da verib.

Daha sonra veteran boksçular inkişaf üçün görülməli olan işlərdən və uğurlu çıxış üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.
S.Babayev idmançıları dinlədikdən sonra bildirib ki, boksda yüksələn xətlə inkişafa nail olmaq əsas məqsəddir. Təkliflərə əsasən, gələcəkdə zona yarışlarının, məşqçi, idmançı və hakimlər üçün seminarların keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən federasiya rəhbəri vahid və ədalətli boks ailəsinin formalaşacağını deyib. O, veteranların hər birindən təklif gözlədiyini bildirərək Veteranlar Komitəsinin formalaşdırılması üçün lazımı addımların atılmasını istəyib.
Tədbirdə regionlarda boksun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, federasiyanın İdarə Heyətinə lazımi tapşırıqlar verilib.

Xəbər 284 dəfə oxundu.