Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı
Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev kompleksin istifadəyə verilməsi münasibətilə ağdaşlıları təbrik edərək burada gözəl, yeni, müasir Olimpiya Kompleksinin açılışının böyük hadisə olduğunu bildirib. Prezident İlham Əliyev daha sonra deyib:
- Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar.
Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz həllini tapmalı idi.
Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki, mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm.
Ümumiyyətlə, Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış oldum. Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar.
Görüş zamanı Ağdaş ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva ölkənin bütün regionlarına olduğu kimi, bu rayona da göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək deyib:
- Ağdaşımıza xoş gəlmisiniz, möhtərəm cənab Prezident.
Siz gəlişinizlə bu soyuq, şaxtalı qış günündə hər birimizin qəlbinə bir hərarət, bir istilik bəxş etdiniz.
Möhtərəm cənab Prezident, bu gün təntənəli açılışına yığışdığımız möhtəşəm Olimpiya-İdman Kompleksi sizin ağdaşlılara bəxş etdiyiniz növbəti hədiyyədir. Bu idman kompleksində uşaqlarımızın daha sağlam böyüməsi üçün mühüm işlər görüləcəkdir. Elə bu gün Ağdaşımızda Sizin xeyir-duanızla təməli qoyulan 100 çarpayılıq möhtəşəm xəstəxana ağdaşlılara çox böyük töhfədir. Sağlam insanlar yetişməlidir, xəstəxanalar tikilir. Gələcəyimiz üçün savadlı balalarımız böyüməlidir, yeni-yeni məktəblər öz qapılarını övladlarımızın üzünə açır. İnsanlarımızın normal yaşamaları üçün hər bir şərait yaradılmalıdır, içməli su xətləri çəkilir, yollar salınır, qaz, enerji - insanların gündəlik tələbatı üçün lazım olan hər bir şərait yaradılır. Bütün bunlara görə Sizə ürəkdən təşəkkür edirik.

12.02.2010
AzərTAc

Xəbər 3163 dəfə oxundu.