Azərbaycan təmsilçisi Nikita Siminov dünya kuboku yarışlarının təsnifat mərhələsində uğurla çıxış edib
Azərbaycan təmsilçisi Nikita Siminov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında halqalarda proqramını təqdim edib.

Təmsilçimizin çıxışı hakimlər tərəfindən 14,266 xalla qiymətləndirilib. Gimnastımız altıncı pillədə qərarlaşıb. Təsnifat mərhələsinə 14,800 xalla italiyalı Salvatore Mareska başçılıq edir. Türkiyə təmsilçiləri İbrahim Çolak 14,666 xalla ikinci, Adem Asıl 14,633 xalla üçüncü pillədə yer alıblar.

Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

Xəbər 275 dəfə oxundu.