Azərbaycan güləşçisi Abubakr Abakarov Avropa çempionatının finalına vəsiqə qazanıb
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatda 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər arasında finalçılar müəyyənləşib.

İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlib - 4:0. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Georgi Vangelova uduzub - 2:5.

Turan Bayramov (74 kq) səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Təmsilçimiz dörddəbir finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Güləşçimiz yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda Kamil Ribiçki (Polşa) - Zurab Kaprayev (Rumıniya) görüşünün qalibi ilə güləşəcək.

Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. A.Abakarov dörddəbir finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Güləşçimiz yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına yüksələn beşinci güləşçimiz olub. A.Abakarov həlledici görüşdə San-Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq.

Yarışa dörddəbir finaldan start verən Osman Nurmaqomedov (92 kq) polşalı Radoslav Marçinkieviçi tam üstünlüklə (10:0) yolundan kənarlaşdırıb. Millimizin üzvünün yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə görüşü dramatik alınıb. Qələbəni son saniyədə sonuncu xal prinsipinə əsasən (4:4) əldən verən güləşçimiz bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilelayla güləşəcək.

Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepidən güclü olub - 5:0. Həmyerlimiz dörddəbir finalda polşalı Robert Barana məğlub olub - 0:11.

Qeyd edək ki, bu çəki dərəcələrində medal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 258 dəfə oxundu.