FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov tay-breykdə Vinsent Keymerlə mübarizə aparacaq
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinal uğrunda tay-breykdə almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız B qrupunun sonuncu turunda Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib. Altı turdan sonra B qrupunda hər iki qrosmeyster eyni - 3,5 xala malik olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.

Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir. Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı mübarizə aparır. Qrup oyunlarının yekununa görə, artıq iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan son iki şahmatçının adı məlum olub. Belə ki, öz qrupunda son üç oyunu qələbə ilə başa vuran amerikalı Hikaru Nakamura yarımfinala çıxmaqla, artıq digər rəqibləri üçün əlçatmaz olub. Eyni uğuru bu mərhələdə çıxış etməyən, lakin ilk iki mərhələdə 20 xal toplamağı bacaran macarıstanlı Riçard Rapport da əldə edib. Hazırkı vəziyyətə görə ümumi hesaba liderlik edən R.Rapportla H.Nakamura artıq Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.

Xəbər 230 dəfə oxundu.