İdmançımız Böyük Britaniyanın ölkə çempionatında öz yaş kateqoriyasında birinci olub
Martın 29-da Beynəlxalq Xizək Federasiyasının (FİS) təşkilatçılığı ilə Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın Dağ Xizəyi çempionatında iştirak edib.

Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda atletimiz 18 yaş kateqoriyasında olan idmançılar arasında dağ xizəyi idmanının dağdan eniş növündə 1-ci yerə sahib olub. Mübarizədə ikinci yerə fransalı atlet Dylan Hacquard, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olublar.

Ümumi yarışın nəticələrinə görə isə təmsilçimiz İlya Kostov 3-cü yerdə qərarlaşıb. Çempionata Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan 30 idmançı qatılaraq birincilik uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, 17 yaşlı idmançı Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.

Xəbər 344 dəfə oxundu.