Bu gün 2022-ci il dünya çempionatının pley-off oyunlarına start veriləcək
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarına start veriləcək.

Əvvəlcədən planlaşdırılan altı qarşılaşmadan dördü baş tutacaq.
A yolunda Polşa ilə qarşılaşmalı olan Rusiya millisi Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Bu səbəbdən Valeri Karpinin başçılıq etdiyi komandaya texniki məğlubiyyət verilib. Polşa yığması isə birbaşa finala vəsiqə qazanıb. Bu kollektivin həlledici görüşdəki rəqibi İsveç - Çexiya matçının qalibi olacaq.

B yolunda Şotlandiya - Ukrayna görüşü eyni səbəbdən iyun ayına təxirə salınıb. Bu qrupun yeganə matçında Uels seçməsi evdə Avstriyanı sınağa çəkəcək.

C yolunda Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. "Draqau" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Digər qarşılaşmada isə İtaliya və Şimali Makedoniya yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Xəbər 257 dəfə oxundu.