Qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək
Martın 25-26-da Milli Gimnastika Arenasında qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışlarda “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 79 idmançı qüvvəsini sınayacaq.
Yarışda gimnastlar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə öz güclərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

İdman gimnastlarının həyəcan dolu çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir.

Xəbər 261 dəfə oxundu.