Avropa çempionatı: Boksçularımız çempionluğun bir addımlığında
İyirmi iki yaşadək boksçulardan ibarət milli komanda Azərbaycan tarixində yeni səhifə açmaqda davam edir.

Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında yarımfinala yığmanın 4 üzvünün vəsiqə qazanması ilə medal sayında rekord təkrarlanmışdısa, bir gün əvvəl daha bir uğurlu seriya davam etdirilib. Belə ki, boksçularımızdan Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) yarımfinal görüşlərini də qələbə ilə başa vuraraq, finala vəsiqə qazanıblar. Onlar uğurlu çıxış sayəsində həm çempionluğa bir addım yaxınlaşıb, həm də Azərbaycan xalqına və bokssevərlərə əsl Novruz bayramı hədiyyəsi ediblər. Növbəti qarşılaşmalar hər iki təmsilçimiz üçün xüsusi önəm daşıyacaq. Onların hər ikisi çıxışını qələbə ilə başa vuracaqları halda, U-22-lərin Avropa çempionatında ilk dəfə 2 qızıl medala sahib olacağıq. Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək.

Komandamız artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar.
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə görüşəcəklər.

Xəbər 551 dəfə oxundu.