Azərbaycan Premyer Liqası: İki oyun ilə XX tura yekun vurulacaq
Martın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının iki oyun ilə XX tura yekun vurulacaq.

Günün ilk matçında 23 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşan "Sabah" 11 xalla autsayder olan "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu matçlarda hər iki kollektiv 5 qələbə qazanıb. Üç qarşılaşma heç-heçə başa çatıb. Topların nisbətində isə meydan sahiblərinin üstünlüyü var - 15:13

Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. Rəqibindən 1 oyun az keçirən “köhlən atlar” hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. Otuz beş xalı olan "Zirə" isə üçüncü sırada yer alıb. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək matçı Rauf Cabarov idarə edəcək.

Bunadək baş tutmuş 25 görüşün 17-si Ağdam klubunun xeyrinə başa çatıb. Səkkiz oyunda qalib müəyyənləşməyib. “Qartallar” indiyədək qələbə qazanmayıb. Paytaxt təmsilçisi "Qarabağ"ın vurduğu 52 qola cəmi 12 topla cavab verib.


Xəbər 271 dəfə oxundu.