Qol güləşi üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Qol güləşi üzrə Azərbaycan birinciliyi keçirilib.

Yeniyetmə və gənclər arasında təşkil olunan yarışda 200-ə yaxın idmançı gücünü sınayıb.

Ölkə birinciliyində Bakı və Sumqayıt ilə yanaşı, respublikamızın 10 bölgəsini təmsil edən idmançılar medallar uğrunda mübarizə aparıblar.

Birinciliyin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.

Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən C.Əhmədov deyib: "Hazırda bu siyasət ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəhbərlik etdiyim federasiyanın əsas hədəfi və məqsədi vətənpərvər, ədalətli və sağlam ölkə gəncliyinin formalaşdırılmasına töhfə verməkdir. Biz istəyirik ki, Azərbaycanın gələcəyi vətənpərvər gənclər üzərində qurulsun. Vətənpərvər gənclər varsa, ölkəsini, vətənini, idmanı sevirsə, həmin ölkənin gələcəyi güclü və daha da qüdrətli olacaq. Həmin gənclər ölkəmizə daha böyük fayda verəcəklər”.

Azərbaycanda qol güləşinin perspektivlərindən danışan C.Əhmədov federasiyanın bölgə və rayon nümayəndəliklərini daha fəal olmağa və səmərəli fəaliyyət göstərməyə çağırıb. Federasiya rəsmisi, xüsusilə orta məktəblərdə qol güləşi üzrə idman bölmələrinin yaradılması istiqamətində iş aparmağın zəruriliyini qeyd edib.

Açılış mərasimindən sonra yarışa start verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Şakir Əsədli, İbrahim Cəlilov, Rüfət Mustafayev, Əhməd Mahmudlu, Tuncay Həsənli, Nihad İsgəndərov, Taleh Əsgərov, İlkin İsrafilov, Səid Mustafazadə, İsmayıl Mustafayev, Ramiq Şinqarov, Orxan İsayev, Cəlal Səfərov, İgid Ağasıyev və Rüfət Divriçov Azərbaycan birinciliyinin qalibi adını qazanıblar.

Xəbər 517 dəfə oxundu.