Bədii gimnastika üzrə Azərbaycan çempionatında gənclər arasında müxtəlif alətlər üzrə qaliblər müəyyənləşib
Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatında gənclər arasında müxtəlif alətlər üzrə qaliblər müəyyənləşib.

Çempionatda 2007-2009-cu illər təvəllüdlü gimnastların top ilə yarışında Mədinə Dəmirova qızıl medal qazanıb. Gövhər İbrahimova gümüş, Ləman Əhmədli bürünc medala sahib olublar.

Lent ilə yarışda M.Dəmirova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlükdə L.Əhmədli və G.İbrahimova yer alıblar.

M.Dəmirova halqa ilə yarışda da birinci olub. G.İbrahimova yarışı ikinci, Fəxriyə Əliyeva üçüncü pillədə başa vurublar.

Gürzlər ilə yarışda G.İbrahimova Azərbaycan çempionu olub. M.Dəmirova və Məryəm Əliyeva ilk üçlüyü tamamlayıblar.

Çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.

Xəbər 367 dəfə oxundu.