Şərur Olimpiya-İdman Kompleksinin açılışında Prezident İlham Əliyevin çıxışı
- Təbrik edirəm! Gözəl olimpiya mərkəzi tikilib. Bu gün onun açılışını qeyd etdik. Mən çox şadam ki, Şərurda belə gözəl, müasir Olimpiya-İdman Kompleksi yaradılıbdır. Ən yüksək standartlar tətbiq olunub. Azərbaycanın indi bütün bölgələrində belə gözəl komplekslər tikilir. Birincilərdən biri də Naxçıvanda tikilmiş, 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən açılmışdır. Bu gün Şərurda belə gözəl idman qurğusu açılıb. Böyük hadisədir. Həm idmançılar üçün, həm rayon sakinləri üçün burada bütün şərait yaradılıb. Həm idman mərkəzi, eyni zamanda, istirahət zonası vardır. Üzgüçülük hovuzu, gözəl mehmanxana, açıq meydançalar, yəni hər cür şərait vardır. Mən əminəm ki, bu imkandan həm idmançılar, həm də Şərur rayonunun sakinləri səmərəli istifadə edəcəklər. Bu kompleks həm rayonun hərtərəfli inkişafı, həm də Naxçıvan Muxtar Respublikası üçün böyük bir töhfədir.
Azərbaycanda idman ən yüksək səviyyədədir. Biz haqlı olaraq dünyada idman dövləti kimi tanınırıq. Azərbaycanın idman uğurları bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Naxçıvanda idmanın inkişafına böyük dəstək verilir. Burada vaxtilə həm beynəlxalq yarışlar keçirilibdir, yəqin ki, yenə də keçiriləcək, həm də ki, Naxçıvan idmançıları öz imkanlarını bundan sonra daha da geniş mənada ortaya qoyacaqlar.
Bütövlükdə, Naxçıvan Muxtar Respublikasında gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Mən hər il Naxçıvanda oluram və özüm bu gözəl hadisələrin şahidiyəm. Quruculuq-abadlıq işləri aparılır, yeni müəssisələr, zavodlar, səhiyyə ocaqları istifadəyə verilir. Bu gün gözəl Doğum Mərkəzinin açılışını qeyd etdik. Bu mərkəz dünya standartları səviyyəsindədir. Bu birmənalıdır və dünyanın istənilən ən inkişaf etmiş ölkəsindən o kompleksi, o mərkəzi görən adam bunu təsdiqləyə bilər. O mərkəz kimi, bu kompleks də insanların sağlamlığı üçündür.
Sənaye müəssisələri muxtar respublikanın iqtisadi inkişafına töhfə verir. Yəni, bax, hərtərəfli inkişaf bundan ibarətdir və Naxçıvanda həm sənaye potensialı artır, iqtisadiyyat artır və sosial obyektlər – məktəblər, xəstəxanalar, idman qurğuları, yollar tikilir. Baxın görün nə gözəl yol çəkilir. Ən yüksək dünya standartlarına cavab verir. Mən özüm Naxçıvandan avtomaşını sürə-sürə gəlmişəm. Özü də yüksək sürətlə gəlmişəm, deməyəcəyəm hansı sürətlə, amma çox yüksək sürətlə və doğurdan bu, bir keyfiyyət nümunəsidir. Hər bir inkişaf etmiş ölkə belə gözəl yollarla fəxr edə bilər. Bu yolun tikintisi hələ davam edir - Sədərəyə qədər, Türkiyə sərhədinə qədər. Ondan sonrakı mərhələdə, yəqin ki, gələn ildən başlayaraq Naxçıvan şəhərindən digər istiqamətlərə aparan yollar da yenidən qurulacaqdır. Bu, bölgəyə həm gözəllik verir, həm insanlara rahatlıq gətirir.
Mən arzu edirəm ki, bundan sonrakı illərdə də Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında belə gözəl quruculuq-abadlıq işləri aparılsın. Bir daha sizi bu gözəl idman kompleksinin açılışı münasibətilə təbrik edirəm, bütün şərurlulara, bütün naxçıvanlılara xoşbəxtlik və cansağlığı arzu edirəm. Sağ olun.

AzərTAc
03.08.2009

Xəbər 3226 dəfə oxundu.