Kakanı ailəsi evə dartır
Ölkəsinin Superliqasında və Çempionlar Liqasında böyük hədəfləri olan «Qalatasaray», transferə son nöqtəni qoymaq istəyir. İspaniyanın «Marca» qəzeti İstanbul klubunun bir müddətdir izlədiyi Madrid «Real»ının braziliyalı futbolçusu Kakanı 2,5 milyon avroya 1 illiyə icarəyə götürmək üçün razılaşdığını yazır.

İdman.com.az saytı xəbər verir ki, «Qalatasaray»ın rəhbəri Ünal Aysal bununla bağlı deyib: «Transfer hələ bitmiş deyil. Hələ ki, transfer dövrünün bitməsinə 1 həftə var. Səbrli olmaq lazımdır».
«Baş məşqçi Fatih Terim «bəli» deyərsə, bu iş bitərmi» sualına isə Ünal Aysal «Oyunçunun Türkiyədə oynamağı qəbul etməsi halında bu iş olar» cavabını verib.

Bu şərhdən aydın olur ki, transferin nöqtələnilməsi üçün Kakanın qərarını gözləmək qalır.
«Real»dan illik 8,5 milyon avro alan Kaka, ispan klubunun əsas heyətində özünə yer edə bilmir. «Qalatasaray»ın bu qiymətin yarısını ödəyərək oyunçunu 1 illiyinə rənglərinə bağlayacağı, «Real»ın da bu yolla yüksək maaşın yarısını ödəməkdən xilas olacağı vurğulanır.

Kakanın bir başqa güclü talibi və «Real»dan əvvəlki komandası «Milan» isə orta xətti «Roma»dan Krkiçlə möhkəmlədib. Bunun ardından Qalliani də klubun transfer dəftərinin bağladığını açıqlayıb. Beləcə, Kakanın gözlənilən İtaliya macərası başlamadan bitmiş oldu. Oyunçunun həyat yoldaşı isə İtaliyaya getmək istəmədiyini, Braziliyaya dönmək istədiklərini açıqlamışdı.
Kakanın adı Braziliya, İspaniya və Amerika komandaları ilə də xatırlanır. Bu ölkələrdə transfer dövrü avqustun 31-də bitir. Türkiyənin üstünlüyü isə müddətin sentyabrın 5-nə qədər davam etməsidi.

Xəbər 1107 dəfə oxundu.