Bakıda daun sindromlu uşaqlar üçün futbol festivalı təşkil olunub
AFFA-nın təşkilatçılığı, Qətərin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu uşaqlar üçün futbol festivalı keçirilib.

Festivala 60-a yaxın uşaq cəlb olunub. Onlar Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçu Cavid Hüseynovla birlikdə futbol oynayıblar, müxtəlif futbol elementləri nümayiş etdiriblər.

Tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva, Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, baş katibin müavini Sərxan Hacıyev, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılovla yanaşı, mərkəzin direktoru Natella Həsənova da iştirak ediblər.

Tədbirin sonunda AFFA və Qətərin Azərbaycandakı səfirliyi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər 251 dəfə oxundu.