UEFA Çempionlar Liqası: "Atletiko" və "Benfika" dörddəbir finala çıxıb
Martın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüşü keçirilib.

İspaniyanın "Atletiko Madrid" klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub. Qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 41-ci dəqiqədə Renan Lodi vurub. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından səfər qələbəsi Dieqo Simeonenin başçılıq etdiyi kollektivi növbəti mərhələyə çıxarıb.

Gecənin digər oyununda "Ayaks" Niderlandda Portuqaliyanın "Benfika" komandasını qəbul edib. Bu görüşdə də qonaqlar rəqibini minimal hesabla məğlub ediblər. Lissabon təmsilçisinin heyətində 77-ci dəqiqədə Darvin Nunyes fərqlənib. İlk matç 2:2 hesabı ilə yekunlaşdığından, bu nəticə "Benfika"nı dörddəbir finala daşıyıb.

Xəbər 256 dəfə oxundu.