On beş yaşadək yeniyetmələr arasında cüdo üzrə növbəti bölgə birinciliyi start götürüb
İsmayıllı rayonunda 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə növbəti bölgə birinciliyi start götürüb.

Turnirin açılış mərasimində çıxış edən federasiya prezidentinin müşaviri Natiq Bağırov yeniyetmələr arasında belə yarışların keçirilməsinin perspektivli idmançıların aşkarlanması üçün yaxşı imkan olduğunu bildirib. Federasiya rəsmisi turnirdə iştirak edən yeniyetmələrin gələcəkdə idmanda böyük uğurlar qazanacaqlarına inandığını və bu cür yarışların təşkilinin idmanın kütləviliyinə və gənclərin idmana cəlb olunmasına xidmət etdiyini vurğulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salahov turnirə qatılan iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarışa start verilib. Olimpiya İdman Kompleksində keçirilən turnirdə şimal bölgəsindən olan cüdoçular iştirak edirlər. Yeddi komandadan 2008-2010-cu il təvəllüdlü idmançıların iştirak etdikləri yarışda ümumilikdə 88 idmançı qələbə uğrunda mübarizə aparır. Bu yaş qrupu üzrə oğlanlar arasında 9, qızların yarışında isə 4 çəki dərəcəsində medalçılar müəyyənləşəcək.

Xəbər 278 dəfə oxundu.