Azərbaycan və Türkiyə triatlon üzrə birgə yarışlar keçirəcək
İspaniyanın La Nusiya şəhərində Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinin konfransı keçirilib.

Konfransda ATF-in prezidenti Elçin Əliyev iştirak edib.

Tədbirdə Avropa Triatlon İttifaqının prezidenti Renato Bertrandi və onun komandası yaxın və uzunmüddətli planları, qarşıdan gələn yarışların təqvimi və iş strategiyası barədə hesabat verib. Milli federasiyaların rəhbərləri triatlonun inkişafı, populyarlığının və kütləviliyinin artırılması yollarını müzakirə ediblər. Tədbirdə müvafiq qurumlar arasında sıx əməkdaşlığın, birgə tədbirlərin və yarışların keçirilməsinin zəruriliyi qeyd olunub, virtual idman məsələlərinə də xüsusi diqqət yetirilib.

Sonra mövsümün təqvimi açıqlanıb. Qeyd edilib ki, triatlonun da yer aldığı yay idman növləri üzrə Avropa çempionatı avqustun 12-14-də Münxendə təşkil olunacaq. Bununla yanaşı, sentyabrın 17-24-də Bilbaoda triatlonun bütün növləri üzrə qitə çempionatının keçiriləcəyi vurğulanıb.

Elçin Əliyev bir sıra federasiyaların rəhbərləri ilə danışıqlar aparıb. Qurum rəhbəri, o cümlədən Türkiyə Triatlon Federasiyasının prezidenti Bülənt Çendik ilə görüşüb. Görüşdə sıx əməkdaşlığın və birgə yarışların keçirilməsi barədə razılıq əldə olunub.

Xəbər 276 dəfə oxundu.