U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan sərbəst güləş üzrə millimiz martın 15-də Vətənə qayıdıb.

Qitə biriciliyində 4 qızıl və 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yığmamızın üzvlərini məşqçilər, idmançılar və medal qazanan güləşçilərin ailə üzvləri qarşılayıblar.

Millinin məşqçisi Arif Abdullayev yarış haqqında deyib: “Əvvəlcə bütün idmansevərləri və Azərbaycan xalqını təbrik edirəm. U-23 Avropa çempionatında çıxış edən 9 idmançımızdan 7-si medal qazandı. İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklərin Avropa çempionatında bu heyətdən 2-3 nəfər iştirak edəcək”.

Daha sonra Plovdivdə himnimizi səsləndirən güləşçilər qələbə təəssüratlarını bölüşüblər.

Zirəddin Bayramov deyib: “Təəssüratlarım çox yaxşıdır. Sevinirəm ki, Avropa çempionatının finalında erməni rəqibimə qalib gəldim. Bu qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Onların qarşısında baş əyirəm. Biz öz sözümüzü hər zaman və hər yerdə deməyə hazırıq. Sübut etdik ki, tək səngərdə yox, idmanda da onlardan güclüyük. Hədəflərim çoxdur. Bu hədəflərə doğru addım-addım irəliləyirik. Başda federasiya rəhbərliyi olmaqla, yığma komandanın məşqçilər korpusuna və şəxsi məşqçim Elçin Həsənova təşəkkürümü bildirirəm”.

İslam İlyasov qeyd edib ki, bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Federasiya rəhbərliyinə, milli komandada çalışan məşqçilərə təşəkkür edirəm. Şəxsi məşqçilərim Qırxlar Bədəlov və Yaşar Əliyevə də minnətdarlığımı bildirirəm. Çünki üzərimdə böyük əziyyətləri olub. İnşallah, bundan da böyük nəticələr əldə edib, həm məşqçilərimizi, həm də Azərbaycan xalqını sevindirərəm”.

Cəbrayıl Hacıyev vurğulayıb: “Bu nəticəni əldə etdiyim üçün şadam. Bizə azarkeşlik edən hər kəsə, daim dəstəyini əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. İnşallah, bu qələbələrin davamını gətirərik”.

Abubakr Abakarov bildirib ki, bizim üçün hər biri şəraiti yaradan federasiyaya təşəkkürümü bildirirəm. Məhz bu şəraitin qarşılığında belə nəticələr əldə edə bilirik.

Xəbər 273 dəfə oxundu.