Azərbaycanın kişi cütlüyü akrobatika gimnastikası üzrə dünya çempionatının sonuncu günündə altıncı olub
Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında balans hərəkətində altıncı olub.

Cütlüyümüzün final mərhələsində çıxışı 25,120 xalla qiymətləndirilib.

Yarışın qalibi qazaxıstanlı akrobatlar olublar – 28,530 xal. Portuqaliya cütlüyü 28,020 xalla yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü 27,900 xalla ABŞ gimnastları tamamlayıblar.

Azərbaycan komandasının hesabında 3 medal var. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 281 dəfə oxundu.