Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək
Martın 13-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.

Günün ilk matçında 32 xalla üçüncü pillədə qərarlaşan "Qəbələ" 34 xalla ikinci sıradakı "Zirə"ni qəbul edəcək. "Qırmızı-qaralar" qalib gələcəkləri təqdirdə, ikinci pilləyə yüksələcəklər.

Komandalar indiyədək Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Əvvəlki görüşlərin 8-də əyalət təmsilçisi, 5-də isə paytaxt klubu meydanı 3 xalla tərk edib. On iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 29:22. "Qəbələ"nin meydanındakı son üç çempionat oyununda qalib müəyyənləşməyib. “Zirə” 4 matçdır ki, rəqibinə qalib gələ bilmir.

Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Hazırda son ölkə çempionu 34 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-cidir.

Əvvəlki 37 oyunun 17-də meydan sahibləri, 12-də qonaqlar qələbə qazanıblar. Səkkiz görüşdə isə qalib olmayıb. Topların nisbətində də "ağ-qaralar" üstünlüyə malikdir - 54:43. Bu mövsüm komandalar arasında Premyer Liqadakı hər 2 matç heç-heçə ilə nəticələnib. Ardıcıl 8 qarşılaşmada meydan sahibi olan komanda qələbə qazanmayıb.

"Neftçi" yalnız qələbə təqdirində, "Qəbələ" - "Zirə" matçının nəticəsindən asılı olmayaraq, bir pillə irəliləyəcək.

Xəbər 255 dəfə oxundu.