Şəkidə məşqçi-müəllimlər üçün seminar təşkil olunub
Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün seminarlar davam edir. Fevralın 5-də Bakıda start götürən seminar bu dəfə bölgələrdə davam etdirilib. Şəki şəhər 10 nömrəli orta məktəbdə təşkil olunan seminarda Şəki, Balakən, Oğuz və digər rayonlardan ümumilikdə 12 orta məktəb müəllimi iştirak edib.

AVF-in Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova, 4 nömrəli Olimpiya Ehtiyatları məktəbinin dərs hissə müdiri Çingiz Səmədov iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra məşqçi-seleksioner Tatyana Korjova uşaqların voleybola cəlb olunması və az yaşlıların ilkin məşq prosesi haqqında məlumat verib. Seminarın əsas praktik hissəsi isə zalda davam edib. Respublika dərəcəli hakimlər Murad Abdurahmanzadə və Rəcəb Vahabov müxtəlif yaş qruplarında olan uşaqlar üçün təşkil olunan məşq prosesini nümayiş etdiriblər. Burada həm texniki qaydalar, həm də fiziki hazırlıqla bağlı hərəkətlər göstərilib.

Sonda uşaqlara diplomlar, iştirakçı məşqçi-müəllimlərə isə sertifikatlar və toplar təqdim edilib.

Xəbər 883 dəfə oxundu.