Üzgüçülük üzrə açıq Azərbaycan qış çempionatına yekun vurulub
Bakı Su İdman Sarayında təşkil olunan üzgüçülük üzrə açıq Azərbaycan qış çempionatı başa çatıb. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasıyasının (AÜF) nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı öz güclərini sınayıb.

İdmançılar 50, 100, 200, 400, 800 və 1500 metr məsafələrə sərbəst, 50,100, 200 metr məsafələr arxası üstə, brass və batterfley üsullarda mübarizə aparıblar.

Ölkə çempionatında Azərbaycan idmançıları ilə yanaşı, İran üzgüçüləri də iştirak ediblər. Üç gün keçirilən Azərbaycan açıq qış çempionatda Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov, Ayan Kələntərova və Nihad Yusibov kürsünün ən yüksək pillələrində yer alıblar. Sumqayıt ÜGİM-ın yetirməsi olan N.Yusibov idman ustası normativini yerinə yetirib.

Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 330 dəfə oxundu.