Bədii gimnastika üzrə Azərbaycan çempionatında 40 idmançı birincilik uğrunda mübarizə aparacaq
Akrobatika gimnastikası üzrə milli və beynəlxalq yarışların ardınca bu dəfə Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastlara açacaq.

Belə ki, gimnastika növünün ən zərif nümayəndələri martın 16-17-də keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.

Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışacaq.

Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışların izləmək imkanı əldə edəcəklər.

Xəbər 258 dəfə oxundu.