Sərbəst güləşçilərimiz Avropa çempionatının sonuncu günündə daha 3 medal qazanıblar
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.

Qitə birinciliyinin sonuncu günündə sərbəst güləş üzrə millimiz daha 3 medal qazanıb.

Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə ermənistanlı Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. C.Hacıyev dörddəbir finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Güləşçimiz yarımfinalda türk İsmet Çiftçini üstələyib - 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Rəqibini çətinlik çəkmədən 8:1 hesabı ilə məğlub edən C.Hacıyev ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Abubakr Abakarov (86 kq) startda bolqarıstanlı Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. A.Abakarov dörddəbir finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub - 6:0. Təmsilçimiz yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib - 14:2. Millimizin üzvü həlledici görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən A.Abakarov Avropa çempionu olub.

Mübarizəyə dörddəbir finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcüstanlı Solomon Manaşviliylə məğlub olub - 5:9. A.Əhmədov bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbə ilə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb.

Beləliklə, Avropa çempionatının sonuncu günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.

Xatırladaq ki, bir gün əvvəl millimizin üzvləri 2 qızıl və 2 bürünc medal qazanıblar.

Xəbər 272 dəfə oxundu.