Azərbaycan Premyer Liqasında XIX tura start verilib
Martın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Günün ilk matçında "Səbail" klubu "Keşlə"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub.
"Dənizçilər"in əsas futbolçularından hesab edilən Yurgen Qoca zədələndiyi üçün oyuna sonadək davam edə bilməyib. Otuz yaşlı müdafiəçi epizodların birində rəqib qapıçı Stanislav Namaşko ilə toqquşub. Albaniyalı oyunçu tibbi müayinədən sonra matça dönsə də, sonradan görüşə davam edə bilməyib və Məhəmməd Mirzəbəyovla əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Keşlə" 6-cı sırada qalıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər oyununda lider "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tura martın 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Xəbər 272 dəfə oxundu.