Tovuz şəhəri Gənclər Paytaxtının açılış mərasimi keçirilib
Martın 11-də Tovuz şəhəri Gənclər Paytaxtının açılış mərasimi keçirilib. Tovuz Gənclər Evində baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov fevralın 2-də Bakıda Gənclər Forumunun keçirildiyini xatırladaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin toplantıda gənclərlə görüşdüyünü və onların suallarını cavablandırdığını, eyni zamanda öz tövsiyələrini verdiyini bildirib. Nazir qeyd edib ki, həmin gün Tovuz şəhəri püşk yolu ilə 2022-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib. Bu münasibətlə rayon gənclərini təbrik edən nazir onları il ərzində “Gənclər Paytaxtı” çərçivəsində keçiriləcək tədbirlərdə daha fəal olmağa dəvət edib.

Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və rayonun fəal gəncləri çıxış edərək Tovuzun Gənclər Paytaxtı seçilməsi münasibətilə rayon gənclərini təbrik ediblər.

Sonra "Tovuz Gənclər Paytaxtı" mövzusunda təqdimatlar olub. Təqdimatlarda Gənclər Paytaxtının seçim qaydaları və bu il Tovuzda Gənclər Paytaxtı çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.

Tədbir Tovuz Gənclər Evinin özfəaliyyət dərnəyi üzvlərinin ifasında bədii hissə ilə davam edib.

Xəbər 454 dəfə oxundu.