Qadın güləşçilərimiz növbəti uğura imza atıblar
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizə başa çatıb.

Millimiz bu yarışda 5 illik sindroma son qoyub. Belə ki, sonuncu dəfə 2017-ci ildə keçirilən analoji yarışda qadın güləşində medal qazanmışdıq. Plovdivdə cəmi 6 güləşçi ilə təmsil olunan yığmamızın 4 üzvü fəxri kürsüyə qalxıb. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız 93 xalla Avropa çempionatını beşinci pillədə başa vurub. Millimiz yalnız Türkiyə (143), Macarıstan (120), Polşa (118) və Moldovadan (96) geri qalıb.

Qeyd edək ki, millimizin bu nəticəsi həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində qadın güləşində ikinci ən böyük uğurdur. Yalnız 2016-cı ildə Bolqarıstanın Ruse şəhərində təşkil olunan qitə birinciliyində bundan bir medal artıq (1 qızıl, 1 gümüş, 3 bürünc) əldə edilmişdi.

Xəbər 268 dəfə oxundu.