Gənc boksçularımız Avropa çempionatında iştirak etmək üçün Xorvatiyaya yola düşüblər
Gənc boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak etmək üçün Xorvatiyaya yola düşüb.

Komandamız martın 13-23-də Poreç şəhərində keçiriləcək qitə birinciliyində 7 idmançı ilə təmsil olunacaq. Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyevə (80 kq) şans verəcəklər. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.

Komandaya federasiyanın idarə heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Boksçularımız Bakıya martın 25-də qayıdacaqlar.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.

Xəbər 312 dəfə oxundu.