Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının ikinci gününə start verilib
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının ikinci gününə start verilib.

Çempionatın ikinci günündə qarışıq cütlüklər və kişi qruplar temp, qadın qruplar isə balans hərəkətində təsnifat mərhələsində çıxış edəcəklər. Yarış günündə, həmçinin komanda hesabında qaliblər müəyyənləşəcək. Daha sonra qadın və kişi cütlüklər, qruplar və qarışıq cütlüklərin qarışıq hərəkətdə mükafatçıları bəlli olacaq.

Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 259 dəfə oxundu.