Qadın güləşçimiz Jalə Əliyeva Avropa çempionatının finalına yüksəlib
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Yarışın dördüncü günündə - martın 10-da 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) dörddəbir finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Təmsilçimiz bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşəcək.

Milli komandamızın üzvü Jalə Əliyeva (62 kq) dörddəbir finalda Fransanın digər təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. J.Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Güləşçimizin finaldakı rəqibi serbiyalı Anna Fabian olacaq.

Birgül Soltanova (65 kq) dörddəbir finalda estoniyalı Viktoriya Vessoyla gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzub - 7:8.

Qeyd edək ki, medal qarşılaşmaları martın 11-də keçiriləcək.

Xəbər 270 dəfə oxundu.