Azərbaycanda Dünya Şotokan Federasiyasının seminarı təşkil edilib
Dünya Şotokan Federasiyası (WSF) Azərbaycanda seminar təşkil edib.

WSF-in, həmçinin AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə karate seminarını beynəlxalq təşkilatın Azərbaycan nümayəndəsi Rənad Əliyev və tanınmış təlimatçı Vahid Ayvazov idarə ediblər. “Qara Qaplan” klubunun baş məşqçisi Şahin Xudaverdiyev və “Arpaçay” klubunun rəhbəri Yavər Hüseynov seminarda assistent kimi iştirak ediblər.

İki hissədən ibarət seminara müxtəlif klublardan idmançı və məşqçilər qatılıblar. V.Ayvazov iştirakçılara kata və kumite texnikası, həmçinin taktiki gedişlər barədə ətraflı məlumat verib. Tədbirin sonunda karateçilərə sertifikatlar təqdim olunub.

Y.Bəşirov qarşıdakı aylarda idmançılarımız üçün WSF-in seminarlarının davam edəcəyini söyləyib. O, həmçinin bildirib ki, belə tədbirlər beynəlxalq təşkilata üzv olan digər ölkələrdə də keçiriləcək.

Qeyd edək ki, aprelin 15-17-də Bolqarıstanın Albena Kranevo şəhərində şotokan üzrə 12-ci Avropa çempionatı keçiriləcək. Karateçilərimiz də bu nüfuzlu yarışda iştirak edəcəklər.

Xəbər 602 dəfə oxundu.