Macarıstan idmançıları Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər
Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatı yüksək səviyyədə təşkil edilib. Bu möhtəşəm arenada təşkil olunan çempionatda iştirak etməkdən məmnunuq.

Bunu Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının macarıstanlı iştirakçıları Darina Bernat və Noemi Stattner mətbuat konfransında bildiriblər.

Təsnifatda birinci çıxışlarının normal olduğunu vurğulayan gimnastlar bir qədər həyəcanlı olmalarının proqramda da özünü büruzə verdiyini qeyd ediblər. Biz bir qədər həyəcanlı idik və bu, proqramımızda özünü göstərdi. Ümid edirik ki, növbəti proqramlarda emosiyalarımıza üstün gələ biləcəyik. Yarışlara hazırlıq yaxşı keçib, məşqlər zamanı elementləri işləyə bildik. Bakıda dünya çempionatında iştirakdan məmnunuq", - deyə gimnastlar bildirib.

Akrobatika gimnastikası ilə on ilə yaxındır məşğul olduqlarını vurğulayan atletlər əvvəlcə bədii gimnastikaya gəldiklərini, sonra isə məşqçinin tövsiyəsi ilə akrobatika üzrə yarışlara qatıldıqlarını qeyd ediblər.

Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast iştirak edir. Yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edirlər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 270 dəfə oxundu.