Azərbaycanın kişi cütlüyü balans hərəkətində təsnifat mərhələsini uğurla başa vurub
Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında kişi cütlüklərin balans hərəkətində finalçılar bəlli olub.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz təsnifat mərhələsində 27,520 xalla üçüncü olub və finala vəsiqə qazanıb.

Martın 13-də təşkil olunacaq finalda Azərbaycan komandası ilə yanaşı, ABŞ, Qazaxıstan, Portuqaliya, Almaniya və Özbəkistan gimnastları da medallar uğrunda xalça üzərinə çıxacaqlar.

Martın 13-dək davam edəcək çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin yarışında təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 263 dəfə oxundu.