Azərbaycanın qarışıq cütlüyü dünya çempionatının finalına vəsiqə qazanıb
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının finalına vəsiqə qazanıb.

Cütlüyümüz təsnifat mərhələsində hakimlərdən 28,760 xal alıb və birinci olub. Bu nəticə ilə komandamız həlledici mərhələyə adlayıb.

Martın 13-də təşkil olunacaq final mərhələsində Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Belçika, Almaniya, İsrail və Portuqaliya cütlükləri də birincilik uğrunda yarışacaqlar.

Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz 26,890 xalla səkkizinci olub və finala adlaya bilməyib.

Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Çempionatın birinci günündə qadın və kişi cütlüklər balans və temp hərəkətlərində təsnifat mərhələsində mübarizə aparacaqlar. Qadın qruplar temp, kişi qruplar isə balans hərəkətində güclərini sınayacaqlar. Qarışıq cütlüklər balans hərəkətində yarışacaqlar.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.

Xəbər 248 dəfə oxundu.