Nazirin Nöqteyi-Nəzəri: Medianın idmanda iştirakı
Əziz gənclər və idmançılar!

Nazir təyinatımın 6-cı ayının tamamında növbəti qeydlərimi diqqətinizə çatdırmaq istəyirəm. Ötən ay həm gənclər, həm də idman sahəsində tədbirlər və hadisələrlə zəngin oldu. Fevralın əvvəlində “Gənclər həftəsi”ni başa vurub, sonunda “İdman həftəsi”nə start verdik. Əlamətdar idman hadisələrinin şahidi olduq.

Ay ərzində görüşlərim davam etdi. “Youth Inc.” Sahibkarlığa Dəstək Proqramı çərçivəsində “From Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları ilə görüşümüzdə səmərəli müzakirələr aparıldı. Layihə gənclərin, eləcə də qadınların cəmiyyətdəki mövqeyini və biznesdəki rolunu artırmaq üçün sahibkarlıq fəaliyyətinin dəstəklənməsi mexanizmlərini tətbiq edir. Həmçinin Qusarda keçirilmiş gənclər təşəbbüslərinin forumunda iştirakım zamanı onların fəallığına və müasir baxışlarına bir daha şahid oldum. Gənclərin iştirakçılığının əsas istiqaməti – könüllülükdür. Bu istiqamətdə fəaliyyət göstərən 16 könüllü təşkilatının nümayəndələri ilə görüşdə könüllülük fəaliyyətinin təbliği, fərdi inkişafa təsiri və cəmiyyət üçün nəticələri müzakirə edilib. Könüllü təşkilatlarının bir çoxu fəaliyyətlərini məhz karyeranın inkişafında görür. Könüllülərin sosial layihələrdə daha fəal iştirakının əhəmiyyətini müzakirə etdik. Nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə növbəti görüşümdə də görüləcək işlərlə bağlı fikir mübadiləsi apardıq.

İdman sahəsində effektiv və şəffaf idarəetmə, əlaqələndirilmiş işin təşkili sahəsində islahatlar davam edir. Boks, qolf və ağır atletika federasiyalarının hesabat-seçki yığıncaqlarında yeni prezidentlər seçilib. Federasiyaların akkreditasiyadan keçirilməsi də davam edir. Bu günədək 11 idman federasiyası bu prosesi uğurla başa vurub. 3 federasiyanın isə federasiya statusu ləğv edilib.

Ötən ay idman yarışları ilə bağlı iki xarici səfərim oldu. Pekində Qış Olimpiya Oyunları çərçivəsində müxtəlif yarışları izlədim, idman obyektləri ilə tanış oldum. Ölkəmizi Oyunlarda idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil etdilər. Ardınca Fransaya yollanaraq “Marsel” – “Qarabağ” oyununu izlədim. Azərbaycan klubunun ilk dəfə UEFA turnirinin qrup mərhələsini aşaraq "play-off"a yüksəlməsi qürurverici haldır.

Federasiyaların şəraiti ilə tanışlıq çərçivəsində bu dəfə Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış oldum.

Pandemiyanın zəifləməsi fonunda idman yarışları mövsümünə start verilməsi hər birimizi, xüsusən də idman azarkeşlərini sevindirir. İdmançılarımız iştirak etdikləri cüdo, batut gimnastikası, taekvondo, muay-tay, atletika, şahmat, güləş, karate və dağ xizəyi və digər növlər üzrə beynəlxalq yarışlarda uğur qazanıblar. Ölkəmizdə də bir sıra yerli və beynəlxalq yarışlar baş tutdu.

Xarici idman əlaqələrimizin inkişaf etdirilməsi, gənclərlə iş sahəsində təcrübə mübadiləsi baxımından faydalı olacaq beynəlxalq görüşlərimiz də davam edir. Pekinə səfərim çərçivəsində Çin Xalq Respublikasının idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla, Bakıda Meksika Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Xuan Rodriqo Labardini Floreslə, Türkiyə Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı ilə görüşdə idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşdə isə ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı, gənclər və idman sahələrində görülən işlər müzakirə mövzusu olub.

Fevralın 27-dən martın 5-dək ölkəmizdə elan edilmiş “İdman həftəsi” çərçivəsində bir sıra tədbirlər reallaşdırıldı. Əsas məqsədi kütləviliyə və idmanın təbliğinə xidmət edən bu tədbirlər martın ilk həftəsinin adına layiq olması ilə yadda qaldı. Əhali arasında idman və bilik yarışmaları; şəhid övladları üçün kiberidman yarışları; idman federasiyalarının mətbuat katibləri üçün treninq; dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri; idman veteranları ilə gənc idmançıların görüşü; səfirlik əməkdaşları arasında şahmat turniri; idarələr, veteranlar və jurnalistlər arasında voleybol turniri; Olimpiya idman federasiyalarının nümayəndələri ilə görüş; məktəblilər arasında rəsm müsabiqəsi; nümunəvi idman çıxışları ilə zəngin idman festivalı; Olimpiya komplekslərinin direktorları ilə görüş və digər tədbirlər həftənin adına layiq (“İdman həftəsi”) yadda qalmasına səbəb oldu.

İdmanın inkişafında xidmətləri olan bir çox mütəxəssis “İdman həftəsi”ndə fəxri adlara layiq görüldü, 22 nəfərə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yeni mənzillər təqdim edildi.

İdmanın kütləviliyinin artmasında medianın da dəstəyi önəmlidir. Mən idman mediasını, xüsusilə “İdman TV” və “CBC Sport”u yerli idman yarışlarını və idmançılarımızın beynəlxalq yarışlardakı çıxışlarını daha geniş işıqlandırmağa dəvət edirəm. Müxtəlif idman növlərinin təbliği və təşviqi üçün bu vacib bir amildir.

Fərid Qayıbov,
Gənclər və idman naziri

Xəbər 410 dəfə oxundu.