Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 5 medal qazanıblar
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə millimizin daha bir üzvü uğurlu çıxışla yadda qalıb. Nihat Məmmədli (60 kq) dörddəbir finalda macarıstanlı Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. N.Məmmədli finala vəsiqə uğrunda ermənistanlı Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan güləşçimiz rəqibinə heç bir şans verməyib və tam üstünlüklə qalib gəlib - 9:0. Təmsilçimiz finalda Gürcüstan idmançısı İrakli Cimistarişvili ilə qarşılaşıb. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll edib. Rəqibinə 10:0 hesabı ilə qalib gələn N.Məmmədli Avropa çempionu olub.

Beləliklə, qitə birinciliyinə 6 idmançı ilə qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Xatırladaq ki, bir gün əvvəl Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Xəbər 259 dəfə oxundu.