Rövnəq Abdullayev: Bu qələbə "İdman ili"nə növbəti töhfədir
"Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar ilkin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur”. İdman.com.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum rəhbəri Bakının “Neftçi” komandasının Kiprdə APOEL-ə qalib gələrək Azərbaycan tarixində ilkə imza ataraq qrup mərhələsinə düşməsini yüksək qiymətləndirib: “Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir”.

Abdullayev AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, bu uğurun ardı gələcək: “Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaq. "Neftçi" klubuna UEFA Avropa Liqasının qrup mərhələsində də uğurlar arzulayıram".

Xəbər 987 dəfə oxundu.