Azərbaycan Milli Paralimpiya Komitəsi 2022-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq yarışlara hazırlığı davam etdirir
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) 2022-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq yarışlara hazırlığı davam etdirir. Komitə oktyabrın 1-10-da keçiriləcək parapauerliftinq üzrə dünya çempionatı, həmçinin noyabrın 7-9-da təşkil olunacaq paracüdo üzrə dünya çempionatına hazırlığın sonuncu mərhələsinə başlayıb.

Bununla bağlı komitənin prezidenti İlqar Rəhimovun sədrliyi ilə iclas keçirilib. İclas zamanı İ.Rəhimov komitə əməkdaşlarına hazırlıqla bağlı müvafiq tapşırıqlar verib, eyni zamanda hər iki beynəlxalq yarış üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə rəhbərlik AMPK-nın baş katibi Kamal Məmmədova həvalə olunub.

Daha sonra İ.Rəhimov Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə Yaponiyanın Nippon Fondu və Milli Abilimpiya Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə keçiriləcək “True color festival”ın hazırlıq prosesi ilə bağlı müvafiq tapşırıqlarını verib və tədbir üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı rəhbərlik edəcək.

Xəbər 410 dəfə oxundu.