Azərbaycanın gənc boksçuları Avropa çempionatına yüksək səviyyədə hazırlaşıblar
Gənc (U-22) boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının sonuncu mərhələsində hazırlığı uğurla davam etdirir.

Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamız artıq fiziki məşqləri azaldıb, bərpaedici çalışmalara başlayıb.

Komandamızın böyük məşqçisi Nəriman Abdullayev bildirib ki, növbəti günlərdə əsas diqqət sürətli işləmələrə və boksçuların çəkisinin qaydasında saxlanılmasına yönəldiləcək. Təcrübəli mütəxəssis hazırlığın plana uyğun davam etdiyini və bunun bəhrəsini Poreçdə görəcəklərinə inandığını bildirib.

Boksçularımız da martın 13-23-də təşkil olunacaq yarışdan medalla qayıdacaqlarına böyük ümid bəsləyirlər. Artıq çempionata hazır olduqlarını qeyd edən idmançılar səfərə çempionluq üçün yollanacaqlarını da gizlətmirlər.

Böyüklər arasında Azərbaycan çempionatının son qalibi, aşağı yaş qruplarında beş dəfə ölkənin ən güclüsü adını qazanan Ruslan Qədirov (54 kq) vurğulayıb ki, Avropa çempionatında onu yalnız qızıl medal qane edəcək. İyirmi yaşlı boksçu təlim-məşq toplanışının yüksək səviyyədə davam etdiyini deyib: “Federasiya tərəfindən hər cür şərait yaradılıb. Gündə iki dəfə məşq edirik. Yarışlara qısa vaxt qaldığından fiziki çalışmalar azalıb, məşqlər bir az yüngülləşib. Əsasən, sürətli işləmələrə üstünlük veririk. Həmçinin çəkilərimizə diqqət edirik. Özümü yaxşı hiss edirəm və əla formadayam. Hədəfim çempion olmaq, ölkəmizə medalla qayıtmaqdır. Uğurlarımı böyük yarışlarda – dünya çempionatında, Olimpiya Oyunlarında davam etdirmək istəyirəm”.

Komandamızın təcrübəli boksçularından Cəlal Qurbanov (63,5 kq) beynəlxalq arenada da uğur qazanacağına inam ifadə edib. Yeniyetmələr və gənclər arasında Azərbaycan çempionu olan idmançı Avropa çempionatında ikinci dəfə qüvvəsini sınayacaq. Dünya birinciliyində də rinqə çıxmış perspektivli boksçu təcrübəsinin köməyinə gələcəyinə ümid edir: “Hazırlığımız yaxşı gedir. Hər şey qaydasındadır. Yığmada hər bir boksçu yaxşı formadadır. İnanırıq ki, bu dəfə medallarımızın sayı çox olacaq. Özüm də lazımi formadayam. Gündə iki dəfə məşq edirik. Poreçdə çempionluq üçün rinqə çıxacağam. Əvvəlki yarışlardakı təcrübənin köməyimə gələcəyinə inanıram. Çəki dərəcəmdəki rəqiblərin fərqi yoxdur. Biz səfərə Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gedirik”.

Yığmamızın titullu üzvü, Tərtər boks məktəbinin yetirməsi Murad Allahverdiyev (80 kq) Xorvatiyaya Avropa çempionu tituluna növbəti dəfə sahib olmaq üçün yollanacağını açıqlayıb. Yeniyetmələr arasında qitənin ən güclüsü adına yiyələnən, bürünc medal qazanan, həmçinin gənclər arasında Avropa üçüncüsü olan boksçu U-22-lərin yarışında da Azərbaycanın Dövlət Himnini səsləndirməyi hədəflədiyini bildirib. Müxtəlif yaş qruplarında 5 dəfə Azərbaycan çempionu olan M.Allahverdiyev bildirib ki, hazırda karyerasının ən pik formasındadır: “Hazırlığımız yüksək səviyyədə gedir. İnanıram ki, Azərbaycana çoxlu sayda yüksək əyarlı medallarla qayıdacağıq. Əvvəlki yarışlarla müqayisə etsəm, indi daha yaxşı formadayam. Təcrübəmin də köməyimə çatacağına inanıram. Özümə güvənirəm. Əsas rəqiblərim sırasında Rusiya, Belarus və Ukrayna təmsilçilərini tanıyırdım. Onların yarışa qatılmayacağı gözlənilir. Türkiyəli rəqibimi də yaxşı tanıyıram. Dünya birinciliyində ona qalib gəlmişəm. Əsas hazırlığımızdır ki, bu da ən yüksək səviyyədə davam edir. Hədəfim çempionluqdur. Bu isə komandamızda hər birimizin arzusudur”.

Qeyd edək ki, Azərbaycan yığması 22 yaşadək boksçuların Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq. Yarışda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.

Xəbər 296 dəfə oxundu.